Pakistan ABŞ və İran arasında vasitəçilik üçün yeni düsturlar axtarır
Pakistanın ABŞ və İran arasında həll yolu tapmaq məqsədilə "arxa kanal diplomatiyası" vasitəsilə yeni düsturlar üzərində işlədiyi iddia edilib.
AFN.az xəbər verir ki, ABŞ və İran Pakistan üzərindən qarşılıqlı təkliflər ötürərək razılıq zəmini axtararkən, İslamabad rəhbərliyi tərəflər arasında uzlaşma yaratmaq üçün fəal diplomatik səylər göstərir.
Mövcud təmasların əsasən Hörmüz boğazındakı vəziyyət və İranın nüvə proqramı ətrafında cəmləşdiyini bildirən mənbələr Pakistanın xüsusilə tərəflər arasında orta yol tapmağa fokuslandığını, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və Baş Qərargah rəisi Asim Munirin bu prosesə şəxsən daxil olduqlarını qeyd ediblər.
Mənbələrə görə, İranın mövqeyi ondan ibarətdir ki, nüvə proqramı əvəzinə ilk mərhələdə Hörmüz boğazı məsələsi müzakirə edilməlidir, lakin ABŞ tərəfi bu təkliflə razılaşmayaraq hər iki mövzunun eyni vaxtda əks olunduğu ortaq bir saziş tələb edir.
Buna baxmayaraq, ABŞ Prezidenti Donald Trampın məsləhətçiləri ilə birlikdə İranın təklifini dəyərləndirməyə davam etdiyi bildirilir.
İran tərəfi enerji tədarükündəki fasilələrin, ABŞ və Avropada müharibə əleyhinə artan müxalifətin və Trampa olan dəstəyin azalma ehtimalının genişmiqyaslı müharibənin yenidən başlamasına mane olan əsas amillər olduğunu hesab edir.
Tərəflərin sərt bəyanatlarına rəğmən mövcud atəşkəsin davam edəcəyi proqnozlaşdırılır, lakin diplomatik mənbələr tərəflər arasında "əsəb savaşı" yaşandığını və hər iki ölkə rəhbərliyinin öz daxili ictimaiyyətini razı salmaq məcburiyyətində olduğunu vurğulayırlar.
