"OpenAI" CEO-su Sem Altmandan üzr məktubu: Hücumçunu bildirməli idik
"OpenAI" CEO-su Sem Altman Kanadada 8 nəfərin ölümü ilə nəticələnən hücumdan əvvəl hücumçunun şübhəli hesabını aşkar etməsinə baxmayaraq səlahiyyətli orqanlara xəbər verməyən şirkəti adından üzr istəyib.
AFN.az xəbər verir ki, Altman bu səhlənkarlığa görə dərin peşmanlıq duyduğunu bildirib.
Kanadanın Tambler Ridc bölgəsində fevral ayında baş verən hadisədə 18 yaşlı Cessi Van Rootselaar məktəbdə həyata keçirdiyi silahlı hücum nəticəsində öz anası və qardaşı da daxil olmaqla ümumilikdə 8 nəfəri öldürmüşdü. Hücumçu hadisədən sonra intihar edərək həyatına son qoymuşdu.
Hadisədən sonra aparılan araşdırmalar "OpenAI"ın hücumçunun "ChatGPT" hesabını hücumdan aylar əvvəl zorakı fəaliyyətləri dəstəklədiyi əsası ilə təsbit edərək blokladığını ortaya çıxarıb.
Şirkət həmin dövrdə istifadəçinin süni intellekt alətindən istifadə formasının təcili və ya konkret təhlükə yaratmadığı qənaətinə gələrək vəziyyəti təhlükəsizlik qüvvələrinə bildirməmişdi.
Lakin Britaniya Kolumbiyasının Baş naziri Devid Ebi və mer Darryl Krakowkanın təşəbbüsü ilə başlayan prosesin sonunda Sem Altman bölgə xalqına ünvanlanmış bir üzr məktubu dərc edib.
Şirkət tərəfindən də təsdiqlənən məktubda Altman "Sözlərin yaşanan acını və itkini kompensasiya etməyə yetməyəcəyini bilirəm, lakin bu faciəni qəbul etmək naminə bir üzrün zəruri olduğuna inanıram" ifadələrinə yer verib.
Altman gələcəkdə bənzər faciələrin yaşanmasının qarşısını almaq üçün bütün hökumət qurumları ilə əməkdaşlıq etmək öhdəliyini yenidən təsdiqləyib.
"OpenAI" rəhbəri yaşanan fəlakətin miqyasına toxunaraq, bir övladını itirməkdən daha pis bir şey düşünə bilmədiyini vurğulayıb və bütün cəmiyyətə dərin hüznlə başsağlığı verib.
