Kanadadakı məktəb hücumunda yaralanan şagirdin ailəsi "OpenAI" şirkətini məhkəməyə verib



Kanadada bir məktəbdə törədilən hücumda ağır yaralanan şagirdin ailəsi hücumçunun kütləvi qırğın planlaşdırdığını bildiyi iddiası ilə süni intellekt çat-botu "ChatGPT"nin tərtibatçısı "OpenAI" şirkətinə qarşı iddia qaldırıb.

AFN.az xəbər verir ki, Kanadanın Britaniya Kolumbiyası əyalətində 10 fevralda törədilən silahlı hücumda ağır yaralanan şagirdin ailəsi, "OpenAI"ın hücumçunun cinayət planlarını reallaşdırmaq üçün platformadan istifadə etdiyinə dair xüsusi məlumata sahib olduğunu iddia edib. Məhkəmə sənədlərində "ChatGPT"nin hücumçu tərəfindən həmkar və müttəfiq kimi istifadə edildiyi, proqramın hücumun planlaşdırılmasına kömək edəcək şəkildə davrandığı irəli sürülüb.

Ailənin bildirdiyinə görə, yaxın məsafədən üç güllə ilə vurulan şagird daimi koqnitiv və fiziki qüsurlara yol aça biləcək ağır beyin zədəsi alıb. "OpenAI" isə hadisədən aylar əvvəl hücumçunun fəaliyyətlərini şübhəli hesab edərək hesabını bağladıqlarını, lakin vəziyyəti hüquq-mühafizə orqanlarına bildirmədiklərini etiraf edib.

Xatırladaq ki, Britaniya Kolumbiyasındakı bu qanlı hadisədə hücumçu da daxil olmaqla 10 nəfər həyatını itirib, 27 nəfər isə yaralanıb. Bu, 1989-cu ildə Monrealda baş verən faciədən sonra Kanada tarixinin ikinci ən böyük məktəb hücumu kimi qeydə alınıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu