Cənubi Afrikada qiymət artımı öncəsi yanacaqdoldurma məntəqələrində növbələr yaranıb



Cənubi Afrika Respublikasında ABŞ və İsrailin İrana qarşı başlatdıqları və qarşılıqlı hücumlarla davam edən regional gərginlik fonunda yüksələn neft qiymətləri səbəbindən bu gecə yarısından etibarən tətbiq olunacaq qiymət artımı öncəsi yanacaqdoldurma məntəqələrində izdiham müşahidə olunur.

Enerji və Faydalı Qazıntılar Nazirliyindən verilən açıqlamaya görə, aprelin 1-dən etibarən bütün növ benzinlərin litr qiyməti 3,06 rand, dizelin qiyməti isə litr başına 7,37 ilə 7,51 rand arasında artacaq. Yeni qiymətlərin qüvvəyə minməsinə saatlar qalmış ölkənin qanunvericilik paytaxtı Keyptaun şəhərindəki məntəqələrdə uzun avtomobil növbələri yaranıb, bəzi stansiyalarda isə yaranan gərginliklə əlaqədar yanacaq satışı üçün 300 randlıq limit tətbiq edilib.

Ölkədə hazırda benzinin litri 19,5 rand, dizelin litri isə 20,5 rand civarında satılsa da, artımla birlikdə bu rəqəmlərin müvafiq olaraq 24 və 27 randa yüksəlməsi gözlənilir. Yerli medianın yaydığı məlumatlara görə, sürücülərin çənləri doldurmaq üçün axın etməsi nəticəsində artıq 143 stansiyada dizel, 136 stansiyada isə benzin tamamilə tükənib.

Paytaxt Pretoriyanın daxil olduğu Tsvane Böyükşəhər Bələdiyyəsi yanacaq tədarükü problemləri səbəbindən avtobus səfərlərinin 155-dən 65-ə endirildiyini elan edərək sərnişinlərə xəbərdarlıq edib. Eyni zamanda Cənubi Afrika Milli Marşrut Taksi Şurası da artan xərclərin gündəlik fəaliyyətə ciddi təsir etdiyini, bəzi sürücülərin sərnişinləri artıq yüksək gediş haqları barədə məlumatlandırmağa başladığını diqqətə çatdırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu