Yeni Meksikadakı ABŞ aviabazasında atışma baş verib
ABŞ-ın Nyu-Meksiko ştatındakı "Xolloman" (Holloman) hərbi hava qüvvələri bazasında atışma baş verib.
AFN.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi hərbi rəsmilərə istinadən məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər isə yaralanıb. İnsident bazanın ticarət mərkəzi (BX) yaxınlığında baş verib.
Hadisə ilə əlaqədar aviabazada dərhal "lokdaun" (giriş-çıxışın bağlanması) elan edilib və şəxsi heyətə təhlükəsiz yerlərdə sığınmaq barədə xəbərdarlıq edilib. Bazanın təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlərdən sonra vəziyyətin nəzarətə alındığı və hazırda hərbi obyektin ərazisi üçün heç bir təhdidin qalmadığı bildirilir.
Atışmada iştirak edənlərin kimliyi və hadisənin baş vermə səbəbləri hələlik açıqlanmayıb. Aviabazanın rəhbərliyi və müvafiq hüquq-mühafizə orqanları hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıblar. Qeyd edək ki, "Xolloman" bazası ABŞ-ın mühüm hərbi obyektlərindən biridir və burada pilotsuz uçuş aparatlarının idarə olunması üzrə təlimlər həyata keçirilir.



