NATO İran və ətrafındakı hadisələri yaxından izləyir
NATO İran və regionda baş verən son hadisələri diqqətlə təqib etdiyini bildirib.
AFN.az xəbər verir ki, Müttəfiq Avropa Ali Komandanlığının (SHAPE) sözçüsü polkovnik Martin L. O’Donnell tərəfindən verilən açıqlamada Alyansın İran və ətrafındakı prosesləri yaxından izlədiyi ifadə edilib.
Açıqlamada Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanının (SACEUR) Atlantik okeanının hər iki sahilindəki hərbi rəhbərlər və NATO-nun Baş katibi ilə müntəzəm və aktiv təmasda olduğu qeyd edilib. SACEUR-un ittifaqın 32 üzvünün təhlükəsizliyini təmin etmək, ballistik raketlər və ya pilotsuz uçuş aparatları kimi potensial təhdidlərə qarşı müdafiəni gücləndirmək məqsədilə NATO-nun güclü qüvvə mövqeyi üzərində işləməyə davam etdiyi bildirilib.
Sənəddə sözügedən təhdidlərin İran və ya digər bölgələrdən qaynaqlana biləcəyinə işarə edilib. Bəyanatda NATO-nun "360 dərəcəlik yanaşma" strategiyasının quru, hava, dəniz, kiber və kosmos daxil olmaqla bütün əməliyyat sahələrini əhatə etdiyi xüsusi vurğulanıb. Bu yanaşma Alyansın hər hansı bir istiqamətdən gələ biləcək təhlükələrə qarşı hər an hazırlıqlı olduğunu nümayiş etdirir.


