Aİ xarici işlər nazirləri İran gündəmi ilə növbədənkənar toplandı
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İrandakı son hadisələri müzakirə etmək üçün fövqəladə videokonfrans iclası keçiriblər.
AFN.az xəbər verir ki, Aİ-nin 27 üzv dövlətinin xarici işlər nazirləri qurumun Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın sədrliyi ilə bir araya gəliblər.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını, habelə İran lideri Əli Xameneyinin öldürülməsini dəyərləndirmək üçün toplanan nazirlər Avropanın bu böhran qarşısında vahid mövqeyini müəyyənləşdirməyə çalışırlar. İclasda həmçinin enerji bazarlarındakı vəziyyət, regional sabitliyin qorunması və bölgədə olan Aİ vətəndaşlarının təhlükəsizliyi məsələlərinin nəzərdən keçirilməsi gözlənilir.
Qeyd edək ki, bu görüşdən əvvəl Aİ ölkələrinin daimi nümayəndələri (COREPER) hazırlıq iclasında bir araya gələrək regiona dəstəklərini ifadə etmiş və gərginliyin azaldılması üçün tərəfləri təmkinli olmağa çağırmışdılar. Eyni zamanda, Aİ-nin icraedici orqanı olan Komissiyanın üzvləri sabah Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin rəhbərliyi altında xüsusi təhlükəsizlik toplantısı keçirəcəklər.
Aİ rəhbərliyindən indiyədək verilən açıqlamalarda təmkin nümayiş etdirilməsinin vacibliyi vurğulanıb, Xameneyinin ölümündən sonra İranda sabit keçid prosesinin təmin olunması və İran xalqının öz gələcəyini sərbəst şəkildə müəyyən etməsi ilə bağlı mesajlar verilib.



