BƏƏ İrandakı səfirliyini bağladı və diplomatlarını geri çağırdı



Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandakı səfirliyini bağlayaraq bütün diplomatik missiyasını geri çəkdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyindən verilən bəyanatda ölkənin Tehrandakı səfirliyinin fəaliyyətini dayandırdığı, səfir və bütün diplomatik heyətin İrandan geri çağırıldığı bildirilib.

Açıqlamada bu qərarın İranın BƏƏ ərazisinə təşkil etdiyi raket hücumları fonunda qəbul edildiyi vurğulanıb. Nazirlik qeyd edib ki, İranın BƏƏ-də yaşayış binaları, hava limanları, limanlar və xidmət obyektləri də daxil olmaqla mülki əraziləri hədəf alan hücumları dinc insanların həyatını təhlükəyə ataraq məsuliyyətsiz bir gərginliyə səbəb olub.

Bu hücumların BƏƏ-nin milli suverenliyinin, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin aşkar şəkildə pozulması olduğu diqqətə çatdırılıb. Diplomatik missiyanın geri çəkilməsi qərarının dövlətin təhlükəsizliyini və suverenliyini təhdid edən hər növ təcavüzü rədd edən qətiyyətli və sarsılmaz mövqeyini əks etdirdiyi ifadə edilib.

Bəyanatda həmçinin bildirilib ki, İranın təcavüzkar və təxribatçı yanaşması regionda gərginliyin azaldılması şanslarını sarsıdır və bölgəni son dərəcə təhlükəli bir yola sürükləyir. Mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizliklə yanaşı, enerji təhlükəsizliyini və qlobal iqtisadi sabitliyi də ciddi şəkildə təhdid etdiyi qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu