Norveçdən mesaj: Rusiyanın ölkəmizi işğal etmək cəhdi ehtimaldan kənar deyil



Norveç Başqərargah rəisi Eirik Kristoffersen Rusiyanın Kola yarımadasında yerləşən nüvə potensialını qorumaq məqsədilə ölkəsinə qarşı ərazi ələ keçirmə cəhdi etməsinin ehtimaldan kənar olmadığını bildirib.

Kristoffersen "The Guardian" qəzetinə gündəmlə bağlı açıqlamalar verib. "Rusiyanın öz nüvə potensialını qoruma planının bir hissəsi olaraq ərazi ələ keçirmə cəhdi etməsini istisna etmirik. Çünki ABŞ-ı həqiqətən təhdid edə bilən yeganə şey budur", - deyən Kristoffersen bu ssenarinin nəzərə alındığını qeyd edib.

Kristoffersen Rusiyanın Norveçə qarşı Ukrayna və ya keçmiş Sovet torpaqlarında olduğu kimi genişlənmə hədəflərinin olmadığını qəbul edib, lakin Rusiyanın nüvə arsenalının mühüm bir hissəsinin Norveç sərhədinə yaxın Kola yarımadasında yerləşdiyini xatırladıb.

Rusiyanın NATO ilə başqa bir bölgədə münaqişəyə girməsi halında bu arsenalın kritik əhəmiyyət daşıya biləcəyini ifadə edən Kristoffersen "Rusiyanın nüvə imkanlarını, xüsusilə ikinci zərbə potensialını təminat altına almaq üçün belə bir addım atma ehtimalını gözardı etmirik. Şimalda planlaşdırdığımız ssenari budur", - deyib.

Kristoffersen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını və Əfqanıstanda müttəfiq ölkələrin cəbhədə döyüşmədiyi barədə sözlərini də sərt şəkildə tənqid edib. Əfqanıstanda bir çox missiyada iştirak etdiyini xatırladan Kristoffersen "Onun dedikləri məntiqsiz idi və Əfqanıstandakı bütün amerikalı dostlarım da bunu bilir", - ifadəsini işlədib.

Kristoffersen qətiyyətlə cəbhədə vəzifə yerinə yetirdiklərini vurğulayaraq, 10 norveçli hərbçinin itirildiyini xatırladıb və Trampın "bu şeyləri deyərkən nə danışdığını bilmədiyini" iddia edib. Kristoffersen həmçinin Trampın Rusiya və Çinin Qrenlandiyaya hərbi maraq göstərdiyi barədəki iddialarını "çox qəribə" adlandırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu