Yaponiyada pandalarla vidalaşmaq üçün minlərlə insan zooparka axın edib
Yaponiya ilə Çin arasında Tayvanla bağlı gərginlik davam edərkən, Tokio rəhbərliyi ölkədə qalan son iki pandanı Çinə qaytarmadan əvvəl minlərlə ziyarətçi zooparka üz tutub.
Kyodo agentliyinin məlumatına görə, 2021-ci ildə Ueno Zooparkında dünyaya gələn “Xiao Xiao” və bacısı “Lei Lei” adlı pandalar sabah Çinə göndəriləcək.
Əkiz pandaların geri qaytarılmasından əvvəl ictimai ziyarət üçün son gündə minlərlə insan zooparka axışıb.
Tokio Metropol Hökumətinin açıqlamasına əsasən, Ueno Zooparkındakı pandaları görmək üçün son gün üçün ayrılan 4400 nəfərlik rezervasiya limiti onlayn müraciətlərdə 24,6 dəfə artıq olub.
“Xiao Xiao” və “Lei Lei”nin sabah Çinə yola salınacağı, yanvarın 28-də isə Çində yaşayacaqları mərkəzə çatacağı bildirilib. Pandaların qaytarılması ilə Yaponiya 50 ildən çox müddətdən sonra pandasız qalacaq.
Xatırladaq ki, Çin ilk dəfə 1972-ci ildə Yaponiya ilə münasibətlərin normallaşması münasibətilə Tokiodakı Ueno Zooparkına panda hədiyyə edib.
Qeyd edək ki, Yaponiya ilə Çin arasında dostluğun rəmzi sayılan yeni pandaların göndərilməsi ilə bağlı gözləntilər isə Yaponiya Baş naziri Takaiçi Sanaenin Tayvanla bağlı açıqlamalarından sonra iki ölkə münasibətlərində yaranan gərginlik səbəbindən qeyri-müəyyən olaraq qalır.



