ABŞ-də federal hökumət qismən bağlanma riski ilə üz-üzədir


ABŞ-də federal hökumətin tarixdə ən uzun hökumət bağlanmasından sonra yenidən qismən fəaliyyətini dayandırma təhlükəsi ilə qarşılaşa biləcəyi dəyərləndirilir.

Hökumətin yenidən bağlanacağı ilə bağlı narahatlıqlar artarkən, Konqresdə büdcə müzakirələri zamanı yaşanan fikir ayrılıqları bu ehtimalı gündəmə gətirib.

Ötən il büdcə çatışmazlığı səbəbindən tarixdə ən uzun hökumət bağlanmasının yaşandığı ABŞ-də 2026-cı ilin yanvarından etibarən federal hökumətin yenidən bağlanma ehtimalı müzakirə olunur.

Şənbə günü ABŞ-nin Minneapolis şəhərində bir federal agentin bir nəfəri güllələyərək öldürməsindən sonra Miqrasiya və Gömrük Mühafizəsi İdarəsinə (ICE) qarşı reaksiyalar artıb.

Hadisədən sonra Konqresdəki demokrat qrupların üzvləri arasında Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) maliyyələşdirilməsi ilə bağlı davam edən narahatlıqlar yenidən alovlanıb. Bu çərçivədə demokratların sözügedən nazirliyin büdcəsinə razılıq verməyəcəklərinə dair açıqlamaları federal hökumətin qismən bağlanmaya doğru gedə biləcəyinə işarə edir.

ABŞ Senatının Azlıq Lideri demokrat Çak Şumer bu həftə gündəmə gələcək büdcə layihələri sırasında Daxili Təhlükəsizlik Nazirliyinin maliyyəsini nəzərdə tutan sənədə səs verməyəcəklərini açıqlayıb.

Bu vəziyyət federal hökumətin 30 yanvar cümə günü gecə yarısından etibarən qismən bağlanma riskini daha da artırıb.

Bu arada, Minnesota ştatında yerləşən şirkətlərin 60-dan çox yüksək vəzifəli rəhbəri ştat, yerli və federal qurumlar arasında gərginliyin dərhal azaldılması çağırışı ilə çıxış edib.

TargetBest Buy da daxil olmaqla bir sıra şirkət rəhbərlərinin imzaladığı məktubda “Dünən baş verən faciəvi hadisələrdən sonra gərginliyin dərhal azaldılmasını, ştat, yerli və federal hakimiyyət orqanlarının birgə işləməsini tələb edirik” ifadələri yer alıb.

Xatırladılıb ki, Nümayəndələr Palatası büdcə layihələrini artıq qəbul edib, lakin bu sənədlərin qüvvəyə minməsi üçün Senat tərəfindən də təsdiqlənməsi tələb olunur.

Təkcə Nümayəndələr Palatasının razılığı kifayət etmir. Senatın təsdiq verməməsi və ya prosesi gecikdirməsi halında müvafiq xərclər üçün maliyyə ayrılmır ki, bu da qismən və ya tam hökumət bağlanmasına səbəb ola bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu