Tokayev TDT çərçivəsində “Kiber Təhlükəsizlik Şurası”nın yaradılmasını təklif etdi


Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) tərkibində “Kiber Təhlükəsizlik Şurası”nın yaradılmasını təklif edib.

Tokayev bu fikri Qəbələdə “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvəsində səsləndirib.

Qəbələdə göstərilən səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Tokayev zirvənin gündəliyinin çox önəmli olduğunu vurğulayıb və türk xalqlarının ortaq tarixi köklərə malik olduğunu xatırladıb.

“Bu gün beynəlxalq ictimaiyyət bizi güclü, dözümlü və birləşmiş xalqlar kimi tanıyır,” – deyə Tokayev qeyd edib.

Prezident bildirib ki, Türk Dövlətləri Təşkilatı dost və qardaş xalqları bir araya gətirən mühüm platformaya çevrilib. O, ötən il Qırğızıstanın uğurlu sədrliyini xatırladaraq, bu il Azərbaycan sədrliyinin təşkilatın nüfuzunu daha da artıracağına əmin olduğunu söyləyib.

Tokayev dünya təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə Azərbaycanla Ermənistan arasında imzalanan sülh bəyannaməsini “tarixi dönüş nöqtəsi” adlandıraraq, bölgədə sabitliyin və iqtisadi inkişafın əsasını qoyduğunu vurğulayıb.

Prezident TDT+ formatının yaradılmasını dəstəklədiyini bildirərək, təşkilat daxilində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

“TDT ölkələri artıq terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığı ilə birgə mübarizə aparır. Lakin zamanın tələbinə uyğun olaraq kiber təhlükəsizlik sahəsində də əməkdaşlığın qurulması vacibdir. Bu məqsədlə təşkilat çərçivəsində ‘Kiber Təhlükəsizlik Şurası’ yaradılmasını təklif edirəm.” – deyə Tokayev bildirib.

Qazaxıstan lideri həmçinin Türk İnvestisiya Fondunun imkanlarının səmərəli istifadəsinin və maliyyələşdiriləcək layihələrin siyahısının hazırlanmasının vacibliyini vurğulayıb. O, noyabrda Qazaxıstanın ev sahibliyi ilə Türkistan şəhərində TDT İqtisadiyyat Nazirləri Toplantısının keçiriləcəyini elan edib.

Tokayev bildirib ki, son 5 ildə Orta Dəhliz boyunca daşınan yük həcmi 6 dəfə artıb və bu istiqamətdə türk dövlətlərini modernləşdirmə prosesinə fəal şəkildə qoşulmağa çağırıb.

O, nəqliyyat və tranzit sahəsində rəqəmsallaşma və süni intellektin tətbiqinin aktuallığını vurğulayaraq, TDT daxilində “Rəqəmsal Monitorinq Mərkəzi”nin yaradılmasını da təklif edib.

Prezident Xəzər dənizinin ekoloji vəziyyətindən narahatlıq ifadə edərək bildirib ki, “Bu dəniz qədim türk xalqları üçün xüsusi əhəmiyyət daşıyır, onun qorunması və bərpası istiqamətində səylərimizi birləşdirməliyik.”

Tokayev çıxışının sonunda gənclərin yaradıcı potensialının dəstəklənməsinin vacibliyinə diqqət çəkərək, gələn il Almatıda “Yaradıcı İqtisadiyyat Forumu”nun keçirilməsini və Qazaxıstandakı Türk Akademiyası nəzdində “Türk Dünyası Tədqiqatçılar Klubu”nun yaradılmasını təklif edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu