Kristin Laqard: Mövcud faiz dərəcəsi mövqeyimizə uyğundur

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard bildirib ki, mövcud faiz dərəcələri uyğun səviyyədədir və bank orta müddətli 2% inflyasiya hədəfinə sadiqdir.
Laqard Almaniyanın ARD televiziya kanalında qatıldığı proqramda iqtisadiyyatla bağlı qiymətləndirmələrini bölüşüb.
İllərlə davam edən inflyasiya dalğalanmalarından sonra nəhayət Avrozonada sabitliyin bərqərar olduğunu qeyd edən Laqard deyib ki, qətiyyətimiz, öhdəliyimiz və vəzifəmiz qiymət sabitliyini qorumaqdır: "Qiymət sabitliyi 2% inflyasiya səviyyəsindədir. Biz bunu əldə etmişik, inflyasiya 2% səviyyəsində ölçülür və biz bunu davam etdirəcəyik.”
Laqard AMB-nin mövcud faiz dərəcəsi mövqeyinin uyğun olduğunu vurğulayaraq qeyd edib ki, biz bu 2% hədəfinə bağlıyıq və bu səviyyədə qalmasını təmin etmək üçün lazım olan hər şeyi edəcəyik: "Hazırda ətrafımızda çoxlu qeyri-müəyyənlik və proqnozlaşdırıla bilməzlik var, lakin qiymət sahəsində qəti və sabit olacağıq”.
Gələcək faiz dərəcəsi siyasətindən danışan Laqard AMB-nin orta müddətli 2% inflyasiya hədəfinə istinad edərək “Biz kompasımıza əsaslanaraq qərarlar verəcəyik. Bu hədəfə çatmaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyik” söyləyib.
AB Prezidenti Donald Trampın gömrük tarifləri siyasətinə də toxunan Laqard bildirib ki, bu siyasətə veriləcək cavablardan biri Avropa Birliyi (AB) tək bazarının gücləndirilməsi olacaq.
O, “Əlbəttə, ABŞ böyük və vacib bir ölkədir, bizim üçün də önəmli ticarət tərəfdaşıdır. Amma etməli olduğumuz iş öz bağımızı, yəni evimizi burada inkişaf etdirməkdir” deyə əlavə edib.
Laqard Avropada böyük potensialın olduğunu vurğulayaraq, Avrozonada ticarət maneələrinin azaldılması və tənzimləmələrin sadələşdirilməsinin vacibliyini qeyd edib.
Avronun dünyanın ən böyük rezerv valyutası kimi dolların yerini alma ehtimalını da qiymətləndirən Laqard bildirib ki, avronun dəyəri böyük ölçüdə Avrozonadakı iqtisadiyyatların gücündən asılıdır və iqtisadi sistemlərin daha effektiv və inteqrə olunmuş olması vacibdir.
Qeyd edək ki, Almaniya Baş naziri Fredrix Mers bu gün AMB prezidenti Laqardla görüşəcək. Alman hökumətinin açıqlamasına görə, bu görüş Avrozonaya aid mövcud məsələlər üzrə müntəzəm fikir mübadiləsi xarakteri daşıyır.
Avropa Statistika Ofisinin (Eurostat) məlumatına görə, Avrozonada illik inflyasiya may ayında 1,9% ikən, iyun ayında 2% olub.
Qeyd edək ki, AMB 5 iyun tarixində bazar gözləntilərinə uyğun olaraq üç əsas siyasət faiz dərəcəsində 25 baza bəndi azalma edib. Bank depozit faizini 2,25%-dən 2%-ə endirmişdi.
Növbəti faiz toplantısı 24 iyulda keçiriləcək və bankın depozit faizini 2% səviyyəsində sabit saxlaması gözlənilir.