Azərbaycan XİN Rusiya səfirini çağırdı

İyulun 2-si Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
AFN.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz qarşı tərəfin diqqətinə çatdırılıb.
İyunun 27-də Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə Rusiya hüquq-mühafizə orqanları tərəfindən keçirilən basqınlar zamanı qanuna zidd əməllər nəticəsində iki həmvətənimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri alması ilə bağlı dərin narahatlıq bir daha qeyd olunub.
Hadisə ilə bağlı Rusiyanın izahatının həlak olmuş şəxslərin üzərindəki zorakılıq izləri və ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyi bildirilib.
Reydlər ilə bağlı Rusiya mediasında etnik dözümsüzlük ifadələrinin yer alması, azərbaycanlılara “etnik cinayətkar qrup” kimi yanaşılmasının qəbuledilməzliyi vurğulanıb.
Qanun pozuntularına görə Rusiya tərəfindən hərtərəfli araşdırma aparılması, günahkarların cəzalandırılması və kompensasiya ödənilməsi gözləntisi qarşı tərəfə çatdırılıb.
“Sputnik-Azərbaycan” ofisində həyata keçirilən tədbirlərlə bağlı Rusiya tərəfindən səsləndirilən iradların əsassız olduğu, tədbirlərin Azərbaycan qanunvericiliyinə uyğun aparıldığı bildirilib.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra adekvat tədbirlərin görülməməsi, vəziyyətin təhrif edilməsi və dezinformasiya kampaniyaları da müzakirə olunub.
Azərbaycanın Rusiya tərəfindən şəffaf araşdırma, məsuliyyət və kompensasiya gözlədiyi, bunun münasibətlərin sabitliyi üçün vacib olduğu qeyd olunub.
Son aylar ərzində Rusiya rəsmiləri və medianın Azərbaycanın suverenliyinə qarşı bəyanat və çıxışlarının münasibətlərə mənfi təsir etdiyi diqqətə çatdırılıb.
Nəticə olaraq, Rusiya tərəfinin dostluq və qarşılıqlı hörmət prinsiplərinə zidd addımlar atdığı, bu addımların gərginlik yaratdığı vurğulanaraq, vəziyyətin sabitləşdirilməsi üçün müvafiq tədbirlər görməyə çağırılıb.