İranın qonşuları İsraillə münaqişədən narahatdır – KİV

İranın qonşuları İsraillə artan gərginlik fonunda bölgədəki neft obyektləri və infrastrukturun hədəfə çevriləcəyindən ehtiyat edirlər.
AFN.az-ın məlumatına görə, bunu “Bloomberg” agentliyi yazır. Nəşr yüksək vəzifəli rəsmilərə istinadla xəbər verir ki, İranın İsrailə cavab olaraq bölgədə hücumlar təşkil etməsi ehtimalı bəzi ölkələri narahat edir. Onların fikrincə, neft obyektləri və mühüm infrastruktur İranın potensial hədəfləri arasında ola bilər.
Bununla belə, Tehran son iki ildə qonşu ölkələrlə münasibətlərin bərpası istiqamətində çalışdığı üçün həmin əlaqələri riskə atmaq istəmir. Qeyd olunur ki, bəzi regional dövlətlər rəsmi şəkildə bu məsələdə neytral mövqe tutsalar da, özəl söhbətlərdə İranın nüvə proqramının pozulmasına yönəlmiş səyləri dəstəklədiklərini ifadə ediblər.
Agentliklə danışan rəsmilərdən biri bildirib ki, İranın mümkün hücumlarının İsraildən başqa ölkələri əhatə edəcəyi ehtimalı azdır. O, həmçinin İsrailin İrana qarşı keçmişdə həyata keçirdiyi zərbələri və ABŞ-ın 2020-ci ildə yüksək rütbəli iranlı generalın qətlə yetirilməsi də daxil olmaqla provokativ addımlarını xatırladıb. Rəsminin sözlərinə görə, Tehran həmin hallarda ölçülüb-biçilmiş reaksiya göstərərək münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını alıb.
Bununla yanaşı, digər bir mənbə “Bloomberg”ə bildirib ki, İsrailin İrana qarşı mümkün hücumları regionda, xüsusilə də İran ərazisindən kənarda ciddi fəsadlara — o cümlədən, radiasiya sızması kimi təhlükəli nəticələrə səbəb ola bilər.