İran əsilli qadın Anglikan kilsəsinin rəhbərliyinə real namizəddir

İranda doğulan qadın Anglikan kilsəsinin rəhbəri olmaq üzrə real namizəddir.
Britaniyanın aparıcı mərc şirkətləri “Ladbrokes” və “Star Sports” Çelmsford yepiskopu Gülzar Eleonora Frensis-Dehkanini Anglikan kilsəsinin ən yüksək dini vəzifəsi – Kenterberi arxiyepiskopu postuna favoriti hesab edir.
Hazırkı Kenterberi arxiyepiskopu Castin Uelbinin istefası ötən ilin noyabrında açıqlanıb. O, bir neçə kilsə layihəsinə rəhbərlik edərkən, cinsi zorakılıqla bağlı skandalda susqunluğu səbəbilə tənqid olunmuşdu.
Gülzar Frensis-Dehkani 1966-cı ildə İranda, İsfahanda anadan olub və İslam inqilabından sonra ailəsi ilə Britaniyaya köçüb. O, 2021-ci ildən bəri Çelmsford yepiskopu kimi fəaliyyət göstərir.
Son vaxtlar Gülzar baş nazir ser Keyr Starmerin miqrantlarla bağlı “yad adamlar adası” fikrinə qarşı çıxaraq belə demişdi: “Bizim cəmiyyətimizdə miqrantlar yad deyil, onlar dostlarımızdır və cəmiyyətə töhfə verirlər.”
Qeyd edək ki, Anglikan kilsəsinin rəsmi rəhbəri Britaniya monarxı olsa da, dini səlahiyyətlər Kenterberi arxiyepiskopunun ixtiyarındadır.