DSX "Vitta Elmi-Texniki" MMC-yə iki ayda ikinci dəfə milyonluq layihə verdi

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi növbəti tender yekunlaşıb.
AFN.az xəbər verir ki, gəmi, kater, aviasiya texnikalarında istifadə olunan xüsusi yağlar, mayelər və Aviasiya yanacağının (Avqaz 100LL) alınması istiqamətində elan edilən tenderin qalibi "Vitta Elmi-Texniki" MMC olub. Satınalma müqaviləsinin dəyəri 2.094.193,2 AZN-dir (iki milyon doxsan dörd min yüz doxsan üç manat, iyirmi qəpik).
Maraqlıdır ki, "Vitta Elmi-Texniki" MMC DSX-nın keçirdiyi bahalı tenderlərin əsas qaliblərindəndir. Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlarla tanış olduqda adıçəkilən MMC-nin dəfələrlə DSX-nın tenderlərində qalib olduğu ortaya çıxır. Belə ki, MMC cəmi iki ay bundan əvvəl – martın 3-də qurumun rentgen filmləri, fotolaboratoriya üçün reaktivlər, cərrahiyyə üçün tikiş materialları və stomatologiya üçün məsrəfi materiallarla təmin edilməsi ilə bağlı tenderinin qalibi elan edilib. Satınalma müqaviləsinin dəyəri 1.195.976,85 manat olub.
Lakin siyahı bununla bitmir. Tərəflər arasında 30 may 2023-cü ildə gəmi və katerlər üçün xüsusi yağlar və mayelərin alınması ilə bağlı 1.032.728,09 manatlıq, 21 iyun 2024-cü ildə gəmi, kater, aviasiya texnikalarında istifadə olunan xüsusi yağlar, mayelər və Aviasiya yanacağının (Avqaz 100LL) alınması ilə bağlı 2.273.774,78 manatlıq, 9 avqust 2024-cü ildə tibbi avadanlıqların alınması ilə bağlı 3.460.498,68 manatlıq müqavilələr imzalanıb. Bunlar milyonluq layihələrdir və dövlət qurumu ilə MMC arasında yüz minlik müqavilələr də imzalanıb.
Ümumiyyətlə, "Vitta Elmi-Texniki" MMC bir çox dövlət qurumlarının tenderlərində qalib olub. Bunların böyük əksəriyyəti milyonluq layihələrdir.
"Vitta Elmi-Texniki" MMC başqa bir məsələ ilə də gündəmə gəlib. Belə ki, ötən il Mərkəzi Bank tərəfindən adıçəkilən şirkət barəsində inzibati protokol tərtib edilib. Buna səbəb MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) pozması olub.
"Vitta Elmi-Texniki" MMC 1991-ci ildə yaradılıb, 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Sahibi və baş direktoru Kamil Quliyevdir.