Nazir Pərviz Əbubəkiri “Səhiyyə əlaçısı” etmək üçün əsasnaməni pozub - İDDİA

“Səhiyyə əlaçısı” döş nişanı qaydalara zidd olaraq kimlərə verilib?
AFN.az "Meydan TV"yə istinadla xəbər verir ki, 2024-cü ildə tibb işçilərinin peşə bayramı münasibətilə səhiyyə naziri Teymur Musayevin əmri ilə bir neçə şəxs “Səhiyyə əlaçısı” döş nişanına layiq görülüb.
Nişanı alanlar arasında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev, mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov kimi adlar diqqət çəkib. Lakin mükafatlandırmanın əsasnaməyə zidd olaraq aparıldığı qeyd olunur.
Əsasnaməyə əsasən, bu nişan yalnız səhiyyə sahəsində ən azı 10 il səmərəli fəaliyyət göstərmiş şəxslərə təqdim olunmalıdır. Halbuki Tural Babayevin səhiyyə sahəsindəki fəaliyyəti 3 ildən, Pərviz Əbubəkirovun isə 7 ildən azdır.
Qeyd edək ki, bu təltiflə yanaşı, hər şəxsə maaşının 3 misli həcmində mükafat da verilir. Bu səbəbdən də dövlət büdcəsinə 100 min manatdan çox ziyan vurulduğu iddia olunur. Səhiyyə ictimaiyyəti arasında bu mükafatların ədalətsiz paylanması ciddi narazılıq yaradıb.
Pərviz Əbubəkirov jurnalist fəaliyyətindən sonra 2018-ci ildə nazirliyə gəlib və mətbuat üçün qapalı fəaliyyətinə görə jurnalistlər tərəfindən tez-tez tənqid olunub. Tural Babayev isə 2022-ci ildə aparat rəhbəri təyin olunmazdan əvvəl nazirin müşaviri və daha öncə Vergi Xidmətində çalışıb.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən rəsmi açıqlama almaq mümkün olmayıb.