Tramp hakimiyyətə gəldikdən sonra 120 mindən çox dövlət işçisi işini itirib

Amerika lideri Donald Trampın bu ilin yanvarında hakimiyyətə gəlişindən bəri ABŞ-da azı 121 min federal hökumət işçisi işdən çıxarılıb.
AFN.az xəbər verir ki, bu barədə CNN öz hesablamalarına istinadən məlumat yayıb.
Bildirilir ki, kütləvi ixtisarlar 30-a yaxın departamenti əhatə edib, lakin ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ən çox zərər çəkib - bir neçə ştatda ixtisar dalğasından sonra onun fəaliyyətinə xitam verilib. Təhsil Nazirliyi işçilərinin 51%-ni işdən çıxarıb, 12 regional şöbədən 7-ni bağlayıb. Səhiyyə və İnsan Xidmətləri Departamentinə daxil olan ABŞ-ın Mənzil və Şəhər İnkişafı Departamenti və Milli Sağlamlıq İnstitutları xeyli sayda işçisini itirib.
Telekanala müsahibə verən ekspertlərin fikrincə, bu ixtisarların nəticələri artıq amerikalılar tərəfindən hiss olunur və hökumətin təhsil, səhiyyə və ictimai təhlükəsizlik sahələrində öz vətəndaşlarının maraqlarını təmin etmək qabiliyyətini sual altına qoyur.