5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir

Bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib. Bundan sonra partiyaya yeni sədrin seçilməsi məsələsi gündəmə gəlib.
Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, partiyanın IX Qurultayının mayın 17-də kecirilməsi barədə qərar qəbul olunub:
"Dünən qurultaya hazırlıq üzrə təşkilat komitəsinin ilk iclası keçirilib. İclasda hazırlıq prosesinin qrafikinin hazırlanması, rayon təşkilatlarının konfranslarının təşkili, qurultayın keçiriləcəyi məkanın müəyyən edilməsi ilə bağlı məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Təşkilat komitəsi partiya üzvlərini birliyə və həmrəyliyə dəvət edərək, ideoloji-siyasi prinsiplərə, Nizamnamə tələblərinə əməl etməyin vacib olduğunu xatırladıb. Düşünürəm ki, partiyamızın bütün üzvləri əməldə də mərhum sədrimiz İlyas İsmayılovun siyasi irsinin yaşadılması, Ədalət partiyasının nüfuzunun qorunub-saxlanılmasi üçün real addımlar atacaqlar. Bu gün aldadılmaqda olan bəzi üzvlərimizin kənardan gələn vəd və təhriklərə siyasi iradə və əzmlə yox deməyi bacaracağına inanıram".
Mütəllim Rəhimli qeyd edib ki, hazırda sədr olmaq istəyən 5 nəfər partiya daxilində özlərinə tərəfdar toplamaq üçün kampaniya aparır:
"Yalnız mən rəsmi şəkildə elan etmişəm ki, sədrlik uğrunda mübarizəyə qoşulacam".