NYT: ABŞ yüzlərlə əsgərini Suriyadan çıxarmağa başlayıb


New York Times qəzeti (NYT) ABŞ ordusunun Suriyanın şimalındakı 8 hərbi bazadan 3-nü bağladığını və yüzlərlə əsgərini geri çəkməyə başladığını iddia edib.


Qəzetin iki yüksək vəzifəli məmura əsaslanan xəbərinə görə, ABŞ Suriyadakı hərbi varlığını azaldır.

Xəbərdə ABŞ-ın Suriyanın şimal-şərqindəki 8 bazasından 3-nü bağlamaq planı çərçivəsində yüzlərlə əsgərini geri çəkməyə başladığı iddia edilib.

Bu çərçivədə Suriyadakı ABŞ əsgərlərinin sayının 2 mindən 1400-ə endiriləcəyi bildirilib.

Xatırladaq ki, ötən ilin sonlarında ABŞ bölgədəki DEAŞ təhlükəsini və İranın dəstəklədiyi silahlıların ABŞ bazalarına hücumlarını əsas gətirərək Suriyadakı hərbi varlığını 2 minə çatdırdığını açıqlamışdı.

Digər tərəfdən, NBC telekanalı fevralın əvvəlində ABŞ-ın iki müdafiə rəsmisinə əsaslanaraq, Müdafiə Nazirliyinin Tramp administrasiyasının siyasətlərinə uyğun olaraq ABŞ əsgərlərini 30, 60 və ya 90 gün ərzində Suriyadan tamamilə çıxarmaq planlarını hazırlamağa başladığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu