Cənubi Koreya Kəşfiyyatı: Şimali Koreya əsgərləri Rusiyada PUA təlimi keçir

Cənubi Koreya kəşfiyyatı Rusiya ilə birlikdə Ukraynaya qarşı döyüşmək üçün cəbhə xəttinə göndərilən Şimali Koreya əsgərlərinin pilotsuz uçuş aparatları (PUA) əməliyyatları və taktikaları üzrə təlimlər keçdiklərinə dair işarələrin olduğunu bildirib.
Milli Kəşfiyyat Xidmətinin (NIS) son qiymətləndirməsinə görə, Moskva cəbhə xəttinə qoşun göndərmək müqabilində Pxenyana PUA texnologiyası vermiş ola bilər.
"Rusiyaya göndərilən Şimali Koreya əsgərlərinin PUA əməliyyatları və taktikaları üzrə təlim keçdiyinə dair bəzi əlamətlər var. Biz iki tərəf arasında mümkün PUA əməkdaşlığını yaxından izləyirik", - NİS-in bəyanatında deyilir.
Hakim Xalq Gücü Partiyasından (PPP) deputat olan Yu Yonq-veon Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Kiyevə son səfəri zamanı ona çatdırdığı kəşfiyyat məlumatları əsasında mətbuata açıqlamalar verib.
Şimali Koreyanın Rusiyadakı 5 hərbi bazaya təlim keçmək üçün 3500-ə yaxın əsgər göndərdiyini iddia edən Yu, Pxenyanın tezliklə Moskvaya dəstək üçün üçüncü qoşun transferini göndərə biləcəyini də irəli sürüb.
Cənubi Koreya mediası yanvar ayında Şimali Koreyanın Rusiya ilə birlikdə döyüşmək üçün Kurska 1000-3000 əsgər göndərdiyini bildirib. Şimali Koreyanın 2024-cü ildə Rusiyanın qərb cəbhəsindəki Kursk bölgəsinə təxminən 11 min əsgər yerləşdirdiyi iddia edilir.
NIS-in kəşfiyyat hesabatında qeyd edilib ki, Rusiya ilə birlikdə Ukraynaya qarşı döyüşmək üçün cəbhə xəttinə göndərilən Şimali Koreya əsgərlərindən 300-ü ölüb, təxminən 2700-ü isə yaralanıb.