Bayden: Putin NATO-nu parçalaya bilmədi
ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumda böyük ərazi uğurları əldə edə və NATO-nu parçalaya bilməyib.
Co Bayden Virciniyadakı Myer Hernderson bazasında Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən onun üçün təşkil edilən hərbi vida mərasimində iştirak edib.
Buradakı çıxışında Bayden Əfqanıstandan Ukraynaya və Yaxın Şərqə kimi dünyanın müxtəlif yerlərində xidmət edən əsgərlərə təşəkkür edərək, ABŞ ordusunun dünya tarixinin ən böyük döyüş qüvvəsi olduğunu qeyd edib.
Bayden ABŞ ordusunun Əfqanıstandakı ən uzun müharibəsini başa vurduqdan sonra Rusiyanın Ukraynanı işğal etdiyini və İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibəni başlatdığını iddia edib: "Putin Kiyevi ələ keçirə, böyük ərazi uğurları qazana və NATO-nu dağıda bilmədi”. Bayden bu prosesdə Finlandiya və İsveçin də NATO-ya üzv olduğunu xatırladıb.
Bayden Yaxın Şərqə yerləşdirilən ABŞ əsgərlərinin İranın hücumlarına qarşı İsraili dəstəklədiyini, HƏMAS-ı zəiflətdiyini və dünən İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəsdən qürur duyduğunu da qeyd edib.