Kainatın qaranlıq tərəfi: Unikal xəritənin ilk parçası ortaya çıxdı
Avropa Kosmik Agentliyinin (ESA) güclü "Evklid" teleskopu kainatdakı milyonlarla ulduz və qalaktikaları üzə çıxaran möhtəşəm mozaika yaradıb. Bu, rəsədxananın həll etmək üçün nəzərdə tutulmuş nəhəng tapmacanın yalnız ilk hissəsini təmsil edir.
2023-cü ilin iyulunda işə salınan "Evklid" missiyası kainatın “qaranlıq tərəfi” ilə bağlı davamlı suallara cavab vermək üçün indiyə qədər hazırlanmış ən böyük və ən dəqiq 3D xəritəni yaratmağı hədəfləyir.
Alimlər martın 25-dən aprelin 8-dək aparılan 260 müşahidədən əldə edilən 208 giqapiksellik xəritənin ilk hissəsini bir araya gətiriblər. Lakin bu, "Evklid"in gələcək hərtərəfli səma sorğusunun kiçik bir hissəsini təşkil edir.
"Evklid" teleskopu Yerin cənub yarımkürəsindən görünən gecə səmasının bir hissəsini əhatə edən mozaikaya 100 milyona yaxın ulduz və qalaktika daxil edir. Mozaika oktyabrın 15-də İtaliyanın Milan şəhərində keçirilən Beynəlxalq Astronavtlar Konqresində nümayiş etdirilib.
ESA-nın "Evklid" layihəsi üzrə alimi Valeria Pettorino deyir: "Bu möhtəşəm görüntü altı il ərzində səmanın üçdə birindən çoxunu aşkar edəcək xəritənin ilk hissəsidir. O, xəritənin yalnız 1%-ni təşkil edir və bununla belə, bir çox fikirlər verir ki, elm adamlarına kainatı təsvir etmək üçün yeni yollar tapmağa kömək edəcək."
"Evklid"in əsas məqsədlərindən biri qaranlıq maddə və qaranlıq enerjini müşahidə etməkdir. Qaranlıq maddə heç vaxt aşkar edilməsə də, kainatdakı ümumi maddənin 85 faizini təşkil etdiyi düşünülür. Qaranlıq enerji kainatın sürətlə genişlənməsinə töhfə verdiyi düşünülən sirli bir qüvvədir.
Astronomlar ümid edirlər ki, teleskopun milyonlarla qalaktikada apardığı müşahidələr kainatın quruluşunu təmin edən və onun sirli sürətlənmə sürətini idarə edən gizli qüvvələri üzə çıxaracaq.
"Evklid"in geniş bucağı NASA-nın "James Webb" kosmik teleskopunun kameralarının əhatə edə biləcəyindən 100 dəfə böyük səmanın bir hissəsindən məlumatları qeyd edə bilir, həssas kameraları isə bir çox göy cisimləri haqqında ətraflı məlumat verir.
Məsələn, 470 milyon işıq ili uzaqlıqda yerləşən "Abell 3381" klasterindəki spiral qalaktikanın incə quruluşu və bizim Süd Yolu qalaktikamızda ulduzlar arasındakı açıq mavi buludlar mozaikada görünür.
"Evklid"in ilk şəkilləri 2023-cü ilin noyabrında yayımlanıb, lakin teleskop fevral ayında müntəzəm müşahidələrə başlayıb. Hazırda rəsədxana skan prosesinin 12 faizini tamamlayıb.
"Biz "Evklid"dən ayrı-ayrı cisimlərin və obyekt qruplarının gözəl, yüksək keyfiyyətli şəkillərini gördük" - deyə NASA-nın Reaktiv Sürüş Laboratoriyasında müşahidəçi kosmoloqu Cason Rodes prosesi dəyərləndirib. Onun sözlərinə görə, bu yeni görüntü səmanın ölçüsünə dair ilk ipucunu verir: "Evklid" milyardlarla qalaktikanın təfərrüatlı ölçülərini aparmağa imkan verəcək".
1920-ci illərdə astronomlar Georges Lemaître və Edvin Hubble kainatın yarandığı gündən genişləndiyini kəşf ediblər. Ancaq 1990-cı illərdə başlayan araşdırmalar kainatın genişlənməsinin 6 milyard il əvvəl sürətləndiyini göstərib. Bu sürətlənmənin səbəbi hələ də sirr olaraq qalır.
Qaranlıq enerjinin və qaranlıq maddənin əsl mahiyyətini anlamaq astronomlara kainatın nədən ibarət olduğunu, onun genişlənməsinin zamanla necə dəyişdiyini və cazibə qüvvəsini başa düşmək üçün daha çox şeyin olub-olmadığını aşkarlamağa kömək edə bilər.
Qaranlıq maddə və qaranlıq enerjinin də kainatdakı qalaktikalar və ulduzlar kimi cisimlərin yayılmasında və hərəkətində rol oynadığı düşünülür.
"Evklid" 10 milyard işıq ili uzaqlıqdakı milyardlarla qalaktikanı müşahidə etmək üçün nəzərdə tutulub və qaranlıq enerjinin zamanla maddəni necə parçaladığını ortaya çıxarmaq məqsədi daşıyır. Bu müşahidələr "Evklid"ə kainatın son on milyard il ərzində necə inkişaf etdiyini görməyə imkan verəcək.
Müşahidələri zamanı teleskop 1,5 milyard qalaktika və onların içindəki ulduzları kataloqlaşdıraraq, astronomlar üçün hər bir qalaktikanın kütləsi və ulduz əmələ gəlmə sürəti kimi dəyərli məlumatlar toplayacaq.
"Evklid"in ilk şəkilləri gələcəkdə ortaya çıxaracağı daha geniş xəritənin cəlbedici görünüşünü təqdim edir.