İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndinin açılışında

İyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.
AFN.az xəbər verir ki, Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir.
2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Layihələndirilən ərazisi 417 hektardan çox olan kəndə 1-ci və 2-ci mərhələ üzrə ümumilikdə 6 minə yaxın əhalinin köçürülməsi, 1498 fərdi evin inşası nəzərdə tutulur.
Birinci mərhələ üzrə ərazi 170.44 hektardır. Burada 719 ailə (2951 nəfər) üçün 719 fərdi ev inşa edilib. Onlardan 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır.
Kənddə çoxsaylı sosial infrastruktur obyektləri tikilib: inzibati binalar, klub-icma mərkəzi, tibb məntəqəsi, təcili yardım bölməsi, məktəb, uşaq bağçası, qonaq evi, məişət xidməti obyektləri və emalatxana. Kənd ərazisinin 20 faizi yaşıllıqlardan ibarətdir.
Prezidentlər Xıdırlı kəndindəki 120 yerlik körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. Binada qrup otaqları, musiqi otağı, idman zalları, yaşıllıq zolaqları, oyun meydançaları və Günəş panelləri mövcuddur.
İlham Əliyev və Sadır Japarov həmçinin klub-icma mərkəzində oldular. Burada 190 yerlik akt zalı, bufet, rəqs və dərnək otaqları var. Mərkəz sosial və mədəni tədbirlərə ev sahibliyi edəcək.
Prezidentlər Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində də yaradılan şəraitlə tanış olublar. Məktəbin həyətində turistik yurtaya baxış keçirilib. Binanın 5 bloku, 21 sinif, 2 informatika otağı, texnologiya və laboratoriyalar, kitabxana, idman və akt zalı, yeməkxana və idman meydançası var.
Məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindən qoyulub. Burada həm şagirdlər, həm də əhali üçün qaçış zolağı olan geniş idman və istirahət sahələri yaradılıb.
Sonda prezidentlər yeni mənzillərə köçən sakinlərlə görüşərək onlara evlərin açarlarını təqdim ediblər.