ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluğu iyun ayında gözləntiləri üstələdi


ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluğu iyun ayında 147 min nəfər artaraq gözləntiləri aşıb, işsizlik səviyyəsi isə 4,2%-dən 4,1%-ə enib.



ABŞ Əmək Nazirliyi iyun ayına dair məşğulluq hesabatını açıqlayıb.



Məlumata görə, ölkədə qeyri-kənd təsərrüfatı sahələrində məşğulluq iyun ayında 147 min nəfər artıb.



Bazar gözləntilərinə əsasən, məşğulluğun 106 min nəfər artacağı proqnozlaşdırılırdı.



Hesabat dövründə məşğulluq ştat hökumətləri və səhiyyə xidmətləri sahəsində artıb, federal hökumətdə isə azalma davam edib.



Qeyri-kənd təsərrüfatı məşğulluğuna dair aprel və may ayı göstəricilərinə yuxarı doğru düzəliş edilib. Belə ki, apreldəki artım 147 mindən 158 minə, maydakı isə 139 mindən 144 minə qaldırılıb.



ABŞ-da işsizlik səviyyəsi iyun ayında 0,1 faiz bəndi azalaraq 4,1%-ə düşüb. Bu dövrdə işsizlik səviyyəsinin 4,3% olacağı gözlənilirdi.



Ölkədə işsizlərin sayı ötən ay 222 min nəfər azalaraq 7 milyon 15 min nəfərə enib. Əmək bazarına qoşulma nisbəti isə 62,4%-dən 62,3%-ə düşüb.



İyun ayında həftəlik orta iş saatı 34,3-dən 34,2-yə enib.



ABŞ Federal Ehtiyat Sisteminin (FED) diqqətlə izlədiyi orta saatlıq qazanc isə bu dövrdə aylıq 0,2%, illik isə 3,7% artaraq 36,30 dollar olub.



Bazar proqnozlarına əsasən, iyun ayında orta saatlıq qazancın aylıq 0,3%, illik isə 3,9% artacağı gözlənilirdi. May ayında bu göstərici aylıq 0,4%, illik isə 3,8% olmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu