Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib - İlham Əliyev

“Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb, şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, eyni zonada, amma ən azı iki onillik, yox, bir qədər az müddətdə, sadəcə, orada boş qalıb. Düzünü deyim ki, bu yer üçün çoxlu "ovçular” olub. Mənə dəfələrlə dedilər ki, görürsən, Özbəkistan səfirlik tikmir, yer yaxşıdır, layihə budur. Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında çıxışı zamanı bildirib.
Dövlət başçısı bildirib ki, qərar veriləndən sonra Özbəkistan Prezidenti Şavkat Miromonoviç bu layihə ilə yaxından tanış olub və tikinti işlərinə başlanılıb: “İndi gözəl bina tikilib. Amma bu, təkcə Özbəkistan torpağının bir hissəsi olmayacaq, həm də bu gün Bakı şəhərinin mərkəzi yerlərindən birində təməli qoyulacaq “Özbəkistan” parkının bir hissəsi olacaq. Ən perspektivli, müasir urbanizm layihəsi olan “Ağ şəhər”də, bu layihənin tam mərkəzində, demək olar ki, 5 hektara yaxın ərazidə “Özbəkistan” parkı yaradılacaq”.
İlham Əliyev əlavə edib ki, layihənin təqdimatı keçən il onun Özbəkistana dövlət səfəri zamanı baş tutub. Bu müddət ərzində torpaq ayrılıb, infrastruktur hazırlığı görülüb və ərazi köhnəlmiş tikililərdən təmizlənib.
“Əminəm ki, qısa müddətdə Bakı şəhərində Özbəkistanın gözəl guşəsi yaradılacaq. Bu, həm də vətəndaşlarımızın, xarici turistlərin məmnuniyyətlə gələcəyi bir yer olacaq. Burada yeganə, bəlkə də mənfi cəhət o olacaq ki, xarici turist Bakıya gəlib bu parka gedirsə, sonra Özbəkistana getməyə bilər, çünki o, hər şeyi əsasən burada görəcək. Düşünürəm ki, bu, əlbəttə, bir zarafatdır. Bu, bir daha bizim qardaşlıq münasibətlərimizin təzahürüdür. Əminəm ki, belə layihələr çox olacaq. Özbəkistanda daha çox turizm infrastrukturu layihəsi həyata keçiriləcək”, – deyə Prezident bildirib.