İndiyə qədər ən güclü qamma şüaları Süd Yolunun mərkəzində müşahidə edilib


Alimlər Samanyolu Qalaktikasının mərkəzində indiyədək müşahidə edilən ən yüksək enerjili qamma şüalarını aşkarlayıblar.


Meksikada yüksək dağlıq ərazidə yerləşən hündürlükdə Su Çerenkov Rəsədxanası (HAWC) yeddi il ərzində qalaktikanın mərkəzinin yaxınlığından gələn güclü qamma şüalarını qeydə alıb.

HAWC tərəfindən aşkar edilən bu mənbə “HAWC J1746-2856” adlandırılıb. Tədqiqat qrupu bu bölgədən gələn enerjiləri 100 teraelektronvoltdan yüksək olan 98 qamma-şüa hadisəsini qeydə alıb. Bu, indiyədək müşahidə edilən ən güclü qamma şüası emissiyası kimi tarixə keçib.

"Bu nəticələr Süd Yolunun mərkəzində heç vaxt görülməmiş enerji səviyyələrinə nəzər salır. Onlar təsdiq edir ki, qalaktika mərkəzi kainatdakı ən ekstremal fiziki proseslərə ev sahibliyi edir", - deyə Los Alamosdan olan fizik Pat Hardinq bildirib.

"HAWC J1746-2856"-nın tam olaraq nə olduğu hələ məlum deyil. Lakin bu müşahidə qalaktikamızın mərkəzində “PeVatron” kimi tanınan kosmik sürətləndiricinin mövcudluğunu təsdiqləyir. "PeVatron" fövqəlnova qalıqları və ya superkütləvi qara dəliklər kimi güclü maqnit sahələrinin təsiri altında kosmik şüaları işıq sürətinə yaxın sürətlərə qədər sürətləndirə bilən təbii hissəcik sürətləndiriciləridir.

Bu cür güclü qamma şüaları Yer atmosferinə daxil olduqda, digər molekullarla qarşılıqlı əlaqədə olur və onların enerjisini dağıdır, nəticədə aşağı enerjili hissəciklərdən ibarət hissəcik yağışı yaranır. HAWC kimi yeraltı detektorlar bu hissəciklərin yağışını aşkar etməklə qamma şüalarının haradan gəldiyini müəyyən edə bilir.

Tədqiqatçılar "HAWC J1746-2856"-nın mənbəyini dəqiq müəyyənləşdirə bilməsələr də, kəşf Süd Yolunun mərkəzində kosmik şüaların sürətləndirildiyi və qamma şüalarının əmələ gəldiyi ekstremal proseslərin mövcudluğunu sübut edir.

Bu təəccüblü tapıntılar "Astrophysical Journal Letters"də dərc edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu