Konqo Demokratik Respublikasında üsyançıların hücumu nəticəsində 16 mülki şəxs həlak olub
Konqo Demokratik Respublikasının (DRC) şərqindəki İturi əyalətində üsyançıların hücumu nəticəsində 16 mülki şəxs həyatını itirib.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, Konqonun İnkişafı üçün Alyans (CODECO) adlı üsyançı qrupun üzvləri İturinin Banyali Kilo bölgəsindəki Toko kəndinə silahlı hücum ediblər.
Hücumda 16 mülki vətəndaş həyatını itirib.
2014-cü ildən bəri ölkənin şərqində üsyançıların həyata keçirdiyi hücumlarda minlərlə dinc sakinin öldüyü təxmin edilir.
Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi KDR-in şərqi 20 ildən artıqdır ki, qızıl və kobalt kimi mədənlərə nəzarəti ələ keçirməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.