ABŞ İsraildəki diplomatlarının hərəkətini məhdudlaşdırıb
ABŞ-ın İsraildəki səfirliyi əməkdaşlarına təhlükəsizlik səbəbindən Qüds, Təl-Əviv və Beer-Şebadan kənara getməməyi əmr edib.
AFN.az xəbər verir ki, bu haqda "BBC News" yazıb. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərlə söhbətində bu cür ehtiyat tədbirlərinin səbəblərini açıqlamayıb və sadəcə əlavə edib ki, ABŞ Yaxın Şərqdə və xüsusilə də İsraildəki təhdidləri yaxından izləyir.
Bir gün əvvəl ABŞ prezidenti Co Bayden İranın Dəməşqdə İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin bu yaxınlarda öldürülməsinə cavab olaraq İsraildəki hədəflərə zərbələr endirməyi planlaşdırdığını açıqlayıb. Ağ Ev rəhbəri əlavə edib ki, bu təhdidlər fonunda Amerikanın İsrailə dəstəyi “dəmir” olaraq qalmağa davam edəcək.
“The Wall Street Journal” yazır ki, İsrail yaxın 24-48 saat ərzində İrandan birbaşa hücum gözləyir. Ölkənin cənub və ya şimalına hücum ediləcəyi ehtimal edilir. Eyni zamanda, mənbələr bölgədə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün İranın hücumunun məhdudlaşdırılacağını bildirir.