Bələdiyyələrin ləğvi və birləşməsi qaydası aydınlaşdı
Milli Məclisin bu gün keçiirlən plenar iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.
Ölkə.Az xəbər verir ki, məsələ ilə bağlı məlumat verən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.
Ətraflı
Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.
Qanuna təklif edilən dəyişiklikdə bələdiyyələrin birləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:
- birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;
- Azərbaycan Respublikasının Milli Məclisi əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edir.
Bu maddənin ikinci hissəsində müəyyən olunmuş qaydada yaranan bələdiyyənin adı birləşən bələdiyyələrin arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən edilir.
Komitə sədri deyib ki, bələdiyyələrin birləşdiirlməsi nəticəsində bələdiyyələrin sayı təqribə 32 azalacaq.
O eyni zamanda əlavə edib ki, əhali sayı 3000 aza olan Xınalıq, Lahıc, Baskal kimi tarixi yaşayış məntəqələrinin bələdiyyələrinin birləşdirilməməsməi məsələsinə baxıla bilər.
Məsələ səsə qoyularaq qəbul edilib.