“Qarabağ” üçün uğurlu hakim 3-cü dəfə komandamızın matçında


Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Braqa”ilə keçirləcək cavab oyununa FIFA referisi Georgi Kabakov təyinat alıb.


“Qafqazinfo”nun məlumatına görə, bolqarıstanlı hakim indiyə qədər 4 dəfə Azərbaycan təmsilçilərinin matçını idarə edib. Bu 4 görüşün hər biri Azərbaycan klublarının səfər matçına təsadüf edib.

Bolqarıstanlı referinin təmsilçimizin matçına ilk təyinatı 2013-cü ildə olub. U-17 millimizin Avropa çempionatının seçmə mərhələsində Rusiyaya səfərdə 0:1 hesabı uduzduğumuz oyunda Kabakov ehtiyat hakim olub.

O, 2019-cu ilin martında Azərbaycanın əsas yığmasının Xorvatiya ilə səfər matçını idarə edib. Zaqrebdə baş tutan AVRO-2020-nin seçmə mərhələ görüşü 1:2 hesablı məğlubiyyətimizlə bitib.

Daha çox millimizin oyunlarını idarə edən referi iki dəfə də “Qarabağ”ın avrokubok görüşündə fit çalıb. Onun idarəçiliyi Ağdam klubu üçün uğurlu olub.

2015/2016 mövsümündə onun idarə etdiyi görüşdə “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Rudar”a Monteneqroda 1:0 hesabı ilə qalib gəlib.

Kabakovun “Qarabağ”la yolu ötən il Avropa Liqasının pley-offunda da kəsişib. Ağdam təmsilçisi Sloveniyada “Olimpiya”nı 2:0 hesabı ilə udaraq qrup mərhələsinə adlayıb. Həmin oyunda Kevin Medina və Leandro Andrade qol vurub, referi Julio Romaoya isə sarı vərəqə göstərib.

Məhz bu oyunlarda idarəsinə görə Azərbaycan üçün yad olmayan 37 yaşlı Georgi Kabakov 2013-cü ildən FIFA referisidir.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu