İsveçdə su parkında güclü yanğın olub
İsveçin Göteborq şəhərindəki əyləncə parkında tikilmiş su parkında naməlum səbəbdən yanğın baş verib. Tüstü səmanı bürüsə də, hadisə zamanı xəsarət alan olmayıb.
Binanın kənarındakı su sürüşməsində başlayan yanğın qısa müddətdə bütün binanı bürüyüb. Yanğın zamanı dəfələrlə partlayışlar baş verdiyindən səmaya qalxan qara tüstü buludu kilometrlərlə uzaqdan görünüb.
Alovun sürətlə yayılması səbəbindən parkın ətrafındakı otellər və ofislər boşaldılıb.
Bölgədə ictimai sağlamlıq xəbərdarlığı edilərkən, əhali qapalı ərazilərə girməyə və bütün pəncərə və qapıları bağlamağa çağırılıb.
Göteborqun ən məşhur turistik yerlərindən biri olan Liseberg əyləncə parkında yerləşən və 1750 nəfər tutumlu Oceana su parkının yaz aylarında açılması planlaşdırılırdı.
1923-cü ildə şəhərin mərkəzində açılan Liseberg əyləncə parkı hər il təxminən 3 milyon ziyarətçiyə ev sahibliyi edir.