Almaniya Ukraynadan idxala məhdudiyyətlərin tətbiqi məsələsini qaldırıb
Bundestaqın sağçı Almaniya üçün Alternativ (AfD) partiyasından olan deputatı Stefan Proczka Almaniya hökuməti qarşısında Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına mümkün məhdudiyyətlərin tətbiqini nəzərdən keçirmək məsələsini qaldırıb.
O, müvafiq sualı Almaniya Nazirlər Kabinetinə parlament sorğusu çərçivəsində səsləndirib.
“Federal hökumətin Aİ-nin kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovskinin Aİ kənd təsərrüfatı bazarlarını həddən artıq qiymət təzyiqindən qorumaq üçün Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətləri yenidən tətbiq etmək niyyətində olduğu barədə açıqlaması ilə bağlı mövqeyi varmı?" – deyə deputat soruşub.
Suala cavabı Almaniya Federativ Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında parlamentin dövlət katibi Ofeliya Nik verib. “Avropa Komissiyasının Ukraynadan Avropa İttifaqına kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər tətbiq etmək təklifi 2024-cü il yanvarın 31-dən etibarən federal hökumət tərəfindən nəzərdən keçirilir. Təklifə baxılacaq”, - deyə o, qeyd edib.
Bundan əvvəl Voyçexovski Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə yazdığı məktubda Ukrayna ilə azad ticarətin sabitliyi pozan nəticələri barədə xəbərdarlıq etmişdi. Onun fikrincə, bu, Rusiyanın xeyrinə olacaq, çünki o, Ukrayna ixracatını Afrika və Asiyadan sıxışdıracaq.