DSMF-nin 1 mlrd. 50 mln. manat sərbəst vəsaiti varsa, büdcədən niyə dotasiya alır? - EKSPERT


Dünyada özəl təqaüd fondları böyük gücə, çoxşaxəli investisiya portfelinə malikdirlər. Vətəndaşlarla birbaşa və fərdi müqavilə bağlayan özəl təqaüd fondları öz yatırımlarından əldə etdikləri qazancı da fərdi müqavilələrdə nəzərdə tutulmuş qaydada vətəndaşlarla bölüşürlər. Bu fondlar səhm bazarında aktiv olurlar, hətta birbaşa yatırımlarla istehsal və xidmət sahələri, yüz minlərlə insanın çalışdığı iş yerləri yaradırlar.


AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, bu fondlar vətəndaşdan vəsait toplayır ki, təqaüdə çıxanda onlara xidmət etsin, toplanan vəsaitdən fondlar yatırım edirlər, pul qazanırlar, yəni, təqaüd fondları faktiki investisiya fondlarıdırlar. Yatırımdan qazandıqları vəsaitdən fond üzvü olan vətəndaşa da pay düşür, bu məqamlar fərdi müqavilələrdə öz əksini tapır: "Bizdə dövlətin əlində olan bir DSMF var, icbari qaydada bizdən vəsait toplayır, heç birimizlə heç bir fərdi müqavilə bağlamayıb, biz vəsaiti ödəməsək məsuliyyətimiz var, cərimə və digər cəzalar ala bilərik, amma DSMF-nin vətəndaşlar qarşısında heç bir fərdi məsuliyyəti yoxdur. İndi məlum olur ki, DSMF-nin 1 mlrd. 50 mln. manat sərbəst vəsaiti (DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) varmış və Fond bu vəsaiti ölkənin 5 böyük bankına depozit kimi yerləşdirib, adını da yekə-yekə “investisiya fəaliyyəti” qoyub.
Bir neçə vacib sual yaranır: 1) DSMF hər il büdcədən dotasiya alır, yaxşı, sərbəst vəsaiti varsa, dotasiyanı niyə alır?! (Məsələn, 2024-cü ildə DSMF büdcədən 1 mld. 392 mln. manat dotasiya alacaq); 2) DSMF məndən (vətəndaşdan) topladığı vəsaiti banka depozitə qoyub faiz qazanır, bunun adını “investisiya” qoyur, yaxşı, bəs mənim (vətəndaşın) pulunu banka qoyub faiz qazanırsa, ondan mənə (vətəndaşa) niyə pay ayırmır?! Şəxsən mənim DSMF-də 30 mindən çox vəsaitim var, Fond mənim pulumu, tutalım, 7-8%-lə depozitə qoyub ildə ən azı 2000-2500 arası pul qazanır, bəs mənə niyə bu vəsaitdən pay vermir?!"
N.Cəfərli qeyd edib ki, DSMF normal investisiya Fondu olsaydı, zavod-fabrik, xidmət sahələrinə vəsait, investisiya qoyub yeni iş yerləri, iqtisadi fürsətlər, qazanc mənbəələri yaratsaydı, bu, normal oları: "Amma adamlar primitiv üsulla camaatdan yığdığı vəsaiti banka depozitə qoyub faizə görə pul qazanırlar, bundan fonda vəsait ödəyənlərə pay vermirlər – bunun adı investisiya deyil e, vətəndaşı dolamaqdır..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu