İnam Kərimov məhkəmə-hüquq sahəsindəki yeniliklərdən danışdı
2024-cü ilin yanvarın 31-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib.
İclası giriş sözü ilə açan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, bugünkü Plenum Ali Məhkəmənin bir illik fəaliyyətinə həsr olunub. 2023-cü ilin ölkəmiz üçün tarixi il olduğunu diqqətə çatdıran sədr qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Ordumuzun düşmən üzərində böyük qələbəsinin ardından ötən ilin sentyabrında dövlət suverenliyimiz tam bərpa olunub və bununla da müstəqil tariximizdə yeni səhifə açılıb.
Bildirilib ki, ötən il müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə böyük təntənə ilə qeyd edilib və bu münasibətlə Ali Məhkəmə tərəfindən də silsilə tədbirlər həyata keçirilib. Ötən il, eyni zamanda Ali Məhkəmənin yaradılmasının 100 illiyi də təntənəli şəkildə qeyd olunub.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına da toxunulub və 2023-cü ilin məhkəmə hakimiyyəti üçün də kifayət qədər önəmli bir il olduğu vurğulanıb. Bildirilib ki, 2023-cü ildə qanunvericiliyə edilən dəyişikliklə Hakimlərin Konfransı təsis olunub, Məhkəmə-Hüquq Şurasının tərkibi seçki üsulu ilə yenidən formalaşdırılıb. Həmçinin Ali Məhkəmənin təşəbbüsü ilə "Femida Dialoq Platforması" təsis edilib və Ali Məhkəmə yanında Elmi-məsləhət şurası yeni tərkibdə təşkil olunub.
Ötən il Şuşa şəhərində Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi ilə bağlı Şuşa Bəyannaməsinin imzalandığı da vurğulanıb. Bəyənnamədə Türk Dövlətləri ilə məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsi və bu istiqamətdə vahid platforma yaradılması əks olunub.
İclasda, həmçinin ötən ildən başlayaraq ədalət mühakiməsinin keyfiyyətinin artırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yaranan problemlər, onların həlli və digər aktual məsələlərin müzakirəsi məqsədilə hər həftə aşağı instansiya məhkəmələri ilə onlayn iclasların təşkil olunduğu qeyd edilib. 2023-cü ildə ayrı-ayrı sahələr üzrə vahid məhkəmə təcrübəsinin ümumiləşdirilməsi işinin davam etdirildiyi və bəzi məsələlər üzrə məhkəmə fəaliyyətinin monitorinqlərinin aparıldığı bildirilib.
Vahid məhkəmə təcrübəsinin daha əlçatan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin yeni axtarış sisteminin hazırlanıb istifadəyə verildiyi qeyd edilib.
Ali Məhkəmənin icraatında olan işlərə də toxunularaq diqqətə çatdırılıb ki, 2023-cü ildə baxılmış işlər üzrə kollegiyalarda statistik göstəricilər fərqli olub. Belə ki, Mülki kollegiyada 22,4 faiz azalma olsa da, Kommersiya kollegiyasında 36,2 faiz, İnzibati kollegiyada 21 faiz, Cinayət kollegiyasında 5 faiz artım olub.
İclasda məhkəmə-hüquq sistemində islahatlar və yeniliklərin bundan sonra da davam edəcəyi xüsusi vurğulanıb.
Bu il xalqımız üçün taleyüklü bir hadisə - növbədənkənar Prezident seçkilərinin keçiriləcəyi qeyd olunub və bildirilib ki, ölkəmizdə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait mövcuddur. Bu işdə məhkəmələrin də üzərlərinə düşən öhdəlikləri yüksək peşəkarlıqla yerinə yetirməli olduğu diqqətə çatdırılıb.
Daha sonra Ali Məhkəmənin kollegiyalarının ötən ildə görülmüş işlərlə bağlı geniş hesabatları dinlənilib.
Bildirilib ki, 2023-cü il ərzində Mülki kollegiyanın kassasiya icraatında olan 5597 işdən 5246-sı mülki iş, 345-i xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub. 2023-cü ildə icraat olmuş 5246 mülki işdən 4024 işə mahiyyəti üzrə baxılıb, həmin işlərdən 3080 işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 889 iş üzrə məhkəmə aktı ləğv edilib, 15 iş üzrə kassasiya icraatına xitam verilib, 40 iş üzrə məhkəmə aktı dəyişdirilib.
2023-cü il ərzində Cinayət kollegiyanın icraatında olmuş 3391 işdən 2272 işə mahiyyəti üzrə baxılıb. Baxılmış 2272 işdən 1877 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 209 iş üzrə ləğv edilib, 186 iş üzrə qərar dəyişdirilib.
İnzibati kollegiyanın icraatında olmuş 3756 işdən 2590 işə mahiyyəti üzrə baxılıb. Baxılmış 2590 işdən 2057 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 479 iş üzrə ləğv edilib, 22 iş üzrə kassasiya icraatına xitam verilib, 12 iş üzrə məhkəmə aktları dəyişdirilib və 20 iş üzrə icraata xitam verilib.
2023-cü ildə Kommersiya kollegiyasının icraatında olan 801 işdən 768 iş kommersiya mübahisələri üzrə, 33 iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub. İcraatda olmuş 768 işdən 569 işə mahiyyət üzrə baxılıb, həmin işlərdən 447 işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 119 iş üzrə məhkəmə aktı ləğv edilib, 3 iş üzrə isə kassasiya icraatına xitam verilib.
Məruzələr ətrafında çıxış edənlər 2023-cü ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyi olduğunu qeyd ediblər.
İclasda, həmçinin məhkəmə işlərinin qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə baxılması, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması xüsusilə vurğulanıb.
Sonda Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü ilə dair İş Planı təsdiq edilib.