"Boeing" 737 Max 9 təyyarəsində problemi etiraf etdi


"Boeing" şirkəti uçuş zamanı gövdəsinin bir parçası qopmuş "737 Max 9" tipli təyyarə ilə bağlı səhvlərini qəbul etdiklərini açıqlayıb.


Alyaska Hava Yollarına məxsus 1282 saylı reysi həyata keçirən "737 Max 9" tipli təyyarənin gövdəsinin bir hissəsi havaya qalxdıqdan qısa müddət sonra qoparaq yerə düşüb və nəticədə təyyarədə dəlik yaranıb.

Təyyarə Portlenddə məcburi eniş edərkən xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Şirkətin baş direktoru Dave Calhoun hadisəyə görə məsuliyyəti öz üzərlərinə götürdüklərini və prosesi tam şəffaflıqla aparacaqlarını bildirib.

Qırılan hissə təcili çıxış qapısı kimi nəzərdə tutulmuş, lakin istifadəyə yararlı olmayan hissə olub. 27 kiloqramlıq parça Portlenddə bir evin bağçasına düşüb.

Ötən cümə baş verən hadisədən sonra ABŞ-da hava yolları tərəfindən istifadə edilən 171 "Boeing 737 Max 9" tipli təyyarə yoxlama üçün anqara çıxarılıb. Başda Alyaska Hava Yolları və "United Airlines" olmaqla yüzlərlə reys ləğv edilib.

Türk Hava Yolları da bu tip 5 təyyarənin yoxlanılacağını açıqlayıb.

Amerikanın çoxmillətli şirkəti olan "Boeing" "737 Max" tipli təyyarələrində yaranan problemlər səbəbindən çətin dövr yaşayır.

Calhoun "Əvvəlcə səhvimizi etiraf edərək bu vəziyyətə yaxınlaşacağıq. Atdığımız hər addımda tam şəffaflıqla hərəkət edəcəyik" - deyə qeyd edib.

O, həmçinin əlavə edib ki, qəzanın səbəbini açıqlamaq üçün ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) ilə birlikdə çalışacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu