Alimlər narahatdırlar: Ayın istismarı böyük zərər verə bilər


Bir çox şirkətlər yaxın illərdə Aya getmək üçün rəqabət apardıqca, elm adamları peykin ehtiyatsız istismarının geri dönməz zərər verə biləcəyindən narahatdırlar.


Səyahətlərin əksəriyyətinin məqsədi Aydan minerallar, su və digər ehtiyatların çıxarılması yolu ilə Ayda yaşayış üçün əlverişli baza yaratmaqdır.

Ancaq Ayın səthində heç bir məhdudiyyət olmadan aparılacaq bu araşdırmalar qravitasiya dalğaları ilə bağlı araşdırmalara, qara dəliklərin müşahidələrinə və uzaq ulduzlarda həyat axtarışına zərər verə bilər.

Məsələ ilə bağlı "Guardian"a danışan Harvard Astrofizika Mərkəzindən Martin Elvis, "Bu məsələ aktuallaşıb. Biz indi hərəkətə keçməliyik. Çünki bu gün verəcəyimiz qərarlar gələcəkdə Aya necə davranacağımızı müəyyənləşdirəcək" - deyə bildirib.

Arizona Universitetindən Riçard Qrin durumu belə dəyərləndirib: "Biz Ay bazalarının qarşısını almağa çalışmırıq. Ancaq orada bir neçə perspektivli sahə var və onlardan bəziləri inanılmaz dərəcədə elmi qiymətlidir. Mədənlərimizi qurduğumuz yerdə çox, çox diqqətli olmalıyıq".

Beynəlxalq Astronomiya İttifaqı tərəfindən yaradılan və Qrinin başçılıq etdiyi işçi qrupu bu ay BMT-də məsələ ilə bağlı iclas keçirməyi planlaşdırır.

Danışıqların məqsədi yerdənkənar resurslardan istifadə ilə bağlı qanunvericiliyin gücləndirilməsidir.

1967-ci ildə bağlanan Kosmos Müqaviləsi ölkələrin səmada hər hansı bir torpaq üzərində ərazi hüququ iddia etməsinə mane olur, lakin sazişdə kosmik mədən və ehtiyatların istismarından bəhs edilmir.

"Ayda milyardlarla il əvvəl əmələ gələn bir neçə dərin krater aşkar edilib. Bu kraterlərə heç vaxt günəş işığı toxunmayıb və buna görə də inanılmaz dərəcədə soyuqdurlar. Bu, onları elmi baxımdan çox qiymətli edir. Biz beynəlxalq müqavilələr vasitəsilə Ayın düşünülməmiş istismar nəticəsində məhv edilməməsini təmin etməliyik" - deyə Qrin bildirib.

ABŞ aliminin gündəmə gətirdiyi kraterlərdə daim soyudulması lazım olan infraqırmızı teleskopların tikilə biləcəyi və buradan uzaq ulduzların müşahidə oluna biləcəyi düşünülür. Kraterlərdə buz halında su olması da mümkündür. Bu, onları Aya gedən şirkətlər üçün əvəzolunmaz edir.

Mövzuyla əlaqədar dərhal tədbir görülməsi lazım olduğunu müdafiə edən Qrin bildirib ki, burada problem, BMT müqavilələrində dəyişikliklərin edilməsinin çox uzun sürməsidir: "Ona görə də hərəkətə keçmək istəyiriksə, bunu dərhal etməli və beynəlxalq müqavilələrlə təminat verməliyik. Ayın bənzərsiz elmi xüsusiyyətləri düşünülməmiş istismar nəticəsində məhv edilmir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu