Kamala Harris: "Aya göndəriləcək astronavtlardan biri başqa ölkədən olacaq"
ABŞ-ın vitse-prezidenti Kamala Harris ABŞ-ın Ayda daimi baza yaradılmasını nəzərdə tutan Artemis layihəsi çərçivəsində ABŞ Aerokosmik Agentliyinin (NASA) astronavtlarına qeyri-amerikalının qatılacağını bildirib.
Milli Kosmos Şurasının iclasında çıxış edən Harris, NASA-nın Aya göndəriləcək astronavt heyətinə başqa ölkədən bir astronavt da daxil ediləcəyi ilə bağlı məlumatı paylaşıb. Harris, sözügedən astronavtın hansı ölkədən olacağını açıqlamasa da, 10 il ərzində Artemis proqramı çərçivəsində beynəlxalq bir astronavtı Ay səthinə endirməyi planlaşdırdıqlarını qeyd edib.
Artemida Missiyası çərçivəsində 2025-ci ilin dekabrında elmi araşdırmalar aparmaq üçün Aya 4 astronavt göndərilməsi planlaşdırılır.
Eyni proqram çərçivəsində ABŞ Ayda daimi baza yaratmağı və Aydan Marsa səyahət üçün dayanacaq kimi istifadə etməyi və orada qiymətli metalların çıxarılmasını nəzərdə tutur.