Yaponiya sahillərində qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin 6 ekipaj üzvünün cəsədi tapılıb
Ötən həftə Yaponiyanın cənub sahillərində qəzaya uğrayan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “CV-22 Osprey” tipli hərbi-nəqliyyat təyyarəsinin 6 ekipaj üzvünün cəsədi tapılıb.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, Yaponiya Sahil Mühafizəsi ötən həftə ölkənin cənubundakı Yakuşima adasının sahillərində qəzaya uğrayan 8 nəfərin olduğu ABŞ ordusuna məxsus hərbi təyyarə ilə bağlı açıqlama verib.
Açıqlamada bildirilib ki, Yaponiya Özünümüdafiə Qüvvələri (SDQ), Sahil Mühafizəsi və yerli balıqçılarla əməkdaşlıq çərçivəsində aparılan işlərdə indiyədək təyyarənin 6 ekipaj üzvünün cəsədi tapılıb.
Tokionun qərbindəki Yokota aviabazasında fəaliyyət göstərən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "CV-22 Osprey" nəqliyyat təyyarəsi noyabrın 29-da yerli vaxtla saat 14.40 radələrində ölkənin cənubundakı Yakuşima adasının sahillərində qəzaya uğrayıb.
Yaponiyanın müdafiə naziri Kihara Minoru qəzadan sonra verdiyi açıqlamada ABŞ-ı bu təyyarələrin təhlükəsizliyini təsdiqləməyə çağırıb.
Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada "CV-22 Osprey" tipli nəqliyyat təyyarəsinin hələlik yerdə saxlanacağı bildirilib.