ABŞ-a məxsus F-16 dənizə düşdü: 1 ildə 3-cü qəza
ABŞ-a məxsus F-16 qırıcı təyyarəsi Cənubi Koreyanın qərb sahillərində Sarı dənizə düşüb.Özünü havaya atmağı bacaran pilot qəzadan sağ çıxıb.
Son qəza ABŞ-ın Cənubi Koreyada bir il ərzində üçüncü F-16 qəzası kimi qeydə alınıb.
ABŞ Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Cənubi Koreyanın paytaxtı Seuldan təxminən 180 kilometr cənubda Kunsan Hava Bazasında yerləşən 8-ci Hava Donanmasına aid F-16 döyüş təyyarəsi Sarı dəniz üzərində fövqəladə vəziyyətlə qarşılaşıb və yerli vaxtla saat 08.41-də onun düşdüyü açıqlanıb.
Özünü təyyarədən atmağı bacaran pilotun xilas edildiyi və səhhətinin yaxşı olduğu bildirilib.
Qəzanın səbəblərini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanılıb.
Xatırladaq ki, keçən il dekabrda ABŞ-ın 8-ci Hava Donanmasına məxsus F-16 adi təlim zamanı Sarı dənizə düşüb. May ayında ABŞ-ın 51-ci Hava Donanmasına məxsus F-16 təyyarəsi Seulun cənubundakı Osan aviabazasının yaxınlığında qəzaya uğramışdı. Hər iki qəzada özlərini təyyarədən atan pilotlar xilas ola biliblər.
Yaponiyada təyyarə qəzasında 8 ABŞ əsgəri həlak olub. ABŞ Hərbi Hava Qüvvələri ötən ilin noyabrında Yaponiyada baş verən qəza ilə gündəmə gəlib.
Osprey tipli hərbi təyyarənin Yakuşima adasında sulara düşdüyü və 8 ekipaj üzvünün hamısının öldüyü açıqlanıb. Hadisədən sonra ABŞ ordusu dünya üzrə Osprey tipli təyyarələrin fəaliyyətini müvəqqəti olaraq dayandırdı.