Stoltenberq: "NATO-nun vəzifəsi Rusiya ilə münaqişənin gərginləşməsinin qarşısını almaqdır"
NATO-nun baş katibi Yens Stoltenberq alyansın xarici işlər nazirlərinin görüşündən əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, NATO-nun əsas vəzifələrindən biri Ukraynada münaqişənin gərginləşməsinin qarşısını almaqdır.
“NATO-nun Ukraynaya qarşı təcavüzlə bağlı iki əsas vəzifəsi var. Biri Ukraynaya dəstək verməkdir və biz bunu müharibənin əvvəlindən edirik, bir çox NATO ölkələri hələ tammiqyaslı işğal başlamamışdan əvvəl Ukraynaya yardım göstərib. Digər əsas vəzifə münaqişənin Rusiya ilə NATO arasında genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır, çünki bu, daha çox əzab, ölüm və dağıntıya səbəb olacaq”, - deyə o, ukraynalı jurnalistin NATO-nun bu işə hazır olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib.
Stoltenberq həmçinin bütün alyans ölkələrinin mövqeyini xatırladıb və qeyd edib ki, Ukraynanın hərbi əməliyyatlar şəraitində NATO-ya tam üzv olması mümkün deyil:
“Ancaq əlbəttə ki, Vaşinqtonda (2024-cü ilin iyulunda) sammitə hazırlıq zamanı Ukraynanı NATO-ya daha da yaxınlaşdıra biləcəyimizi düşünə bilərik. Sammitdə hansı qərarın veriləcəyi daha sonra bəlli olacaq”, - Stoltenberq vurğulayıb.