ABŞ Senatı müvəqqəti büdcə qanunu layihəsini təsdiqləyib
ABŞ Senatı federal hökumətin bağlanmasının qarşısını alacaq müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib.
Yanvarın 19-dək Energetika, Kənd Təsərrüfatı, Nəqliyyat, Mənzil və Şəhərsalma kimi nazirliklərin, fevralın 2-dək isə Müdafiə Nazirliyi (Pentaqon) daxil olmaqla hökumətin qalan hissəsinin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi Nümayəndələr Palatası, daha sonra isə demokratların üstünlük təşkil etdiyi ABŞ Senatı tərəfindən qəbul edilib.
Senatda keçirilən səsvermədə 11 deputat qanun layihəsinin əleyhinə, 87 deputat isə lehinə səs verib.
Amerika qanunlarına görə, Konqres oktyabrın 1-də başlayan və sentyabrın 30-da başa çatan maliyyə ili üçün daimi büdcəni təsdiq edə bilməzsə, boşluq müvəqqəti büdcələrlə bağlanmalıdır. Müvəqqəti büdcənin təsdiq edilə bilməyəcəyi dövrlərdə xərcləmə səlahiyyətlərini itirmiş federal qurumlar fəaliyyətini müvəqqəti dayandırır.