Düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar - İlham Əliyev
“İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq”.
AFN.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə Daşkənddə görüşü zamanı deyib.
“İki ölkənin yüksəksəviyyəli nümayəndələri arasında çox tez-tez və müntəzəm təmasların olmasını da məmnunluqla qeyd edərdim. İranın xarici işlər nazirinin səfəri, Azərbaycan Baş nazirinin müavininin səfəri, mənim nümayəndəmin səfəri və sizin vaxt taparaq onları qəbul etməyiniz əlaqələrimizin davamlı inkişafından xəbər verir.
Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq. Bu cəhdlər nəticəsiz qaldı. Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər”, - deyə Prezident İlham Əliyev qeyd edib.