“Sədərək” gömrük postunda nə baş verib?
Oktyabrın 31-də “Sədərək” gömrük postunda insident yaşanıb.
AFN.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, yüzlərlə türkiyəli TIR sürücüsü rüşvət və süründürməçilik iddiası ilə “Sədərək” gömrük postuna yürüş edib. Sürücülər bildirib ki, Türkiyəyə qayıtmaq istəyərkən, heç bir səbəb olmadan, onları gömrüyün qarşısında günlərlə gözləməyə məcbur edirlər. Lakin, 100-150 avro rüşvət verənlər sırada gözləmədən, dərhal gömrüyü keçə bilir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir:
“Sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində Türkiyə ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığının yaranması və sürücülərdən qeyri-qanuni vəsaitlərin tələb olunması ilə bağlı məlumatlar yayımlanıb.
“Sədərək” gömrük postunda nisbi sıxlığın yaranmasına səbəb Azərbaycandan tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitələrinin sayının artmasıdır.
Hazırda “Sədərək” gömrük postu vasitəsilə qarşı tərəfin də buraxılış qabiliyyəti nəzərə alınmaqla gündəlik 480 yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Sürücülərdən qeyri-qanuni vəsaitlərin yığılması ilə bağlı iddialar ümumiyyətlə həqiqətə uyğun deyil, böhtan xarakteri daşıyır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən ölkə ərazisinə daxil olan nəqliyyat vasitələri parametrləri, ölkə ərazisində qalma müddətləri və qanunvericilikdə müəyyənləşdirilən digər amillər nəzərə alınmaqla yol vergilərinə cəlb olunurlar”, - deyə məlumatda bildirilir.