Anar Nəcəfli: "Gələn ilin əvvəlinədək Qubadlıda 2 yol layihəsinin yekunlaşdırılması planlaşdırılır"
Qubadlı rayonu ərazisində Qubadlı-Eyvazlı və Qubadlı-Mahmudlu-Yazdüzü avtomobil yollarının bu ilin sonu-gələn ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.
Bunu "Report"a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.
O bildirib ki, Qubadlı rayonu ərazisində irimiqyaslı yol infrastrukturu layihələri həyata keçirilir: "Onlardan ən böyüyü və birincisi Xudafərin-Qubadlı-Laçın avtomobil yoludur ki, uzunluğu 70,4 kilometrdir və 4 hərəkət zolaqlı olmaqla inşa edilir. Bu avtomobil yolunun növbəti illər ərzində tamamlanaraq tikintisinin yekunlaşdırılması planlaşdırılır.
Bundan başqa Qubadlı-Eyvazlı avtomobil yolu, həmçinin Qubadlı-Mahmudlu-Yazdüzü avtomobil yolunun da tikinti işləri tərəfimizdən icra olunur. Ümumilikdə bu 3 avtomobil yolunun ümumi uzunluğu 121,6 kilometr təşkil edir".
A. Nəcəfli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində AAYDA tərəfindən ümumilikdə 21 avtomobil yolu layihəsinin tikintisi həyata keçirilir: "Bu avtomobil yollarının ümumi uzunluğu 2 300 kilometrdən artıqdır. Artıq bu çərçivədə 5 avtomobil yolunun tikintisi yekunlaşıb. Yekunlaşan avtomobil yollarının uzunluğu 186,3 kilometrdir".