Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
“Ermənistan 30 il ərzində Azərbaycana və Azərbaycan xalqına qarşı işğal siyasəti aparıb. Lakin Azərbaycan qarşıdurmanın səhifəsini çevirməyə hazırdır və sülh gündəminə sadiqdir”.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "BBC News"a müsahibəsində deyib.
O, Qarabağ ərazisində erməni separatçılarının mövcudluğunun qanunsuz olduğunu vurğulayıb: “Azərbaycanın bu qeyri-qanuni rejimin ləğvinə yönəlmiş bütün hərəkətləri tamamilə qanunidir və bu, beynəlxalq hüquq normaları çərçivəsindədir”.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan Qarabağın erməni sakinlərini cinayətkar erməni oliqarxlarından azad etməyə və normal reinteqrasiya prosesini təmin etməyə hazırdır: “Ölkəmiz həmişə bəyan edib ki, biz konstitusiyaya, eləcə də beynəlxalq öhdəliklərə uyğun olaraq erməni sakinlərin hüquq və təhlükəsizliyini təmin etməyə hazırıq”.
Prezidentin köməkçisi onu da vurğulayıb ki, ölkəmizdə müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələri birgə yaşayır və buna görə də Azərbaycan erməni əhalinin dini, mədəni və humanitar ehtiyaclarını Konstitusiya çərçivəsində təmin etməyə hazırdır.