“Bu, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır”
“İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmış və bu illər ərzində səmərəli fəaliyyət göstərmişdir”.
AFN.az xəbər verir ki, bu sözlər “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı qeyd edib ki, 2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açdı: “Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır”.
Prezident vurğulayıb ki, Vətən müharibəsindən dərhal sonra Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılmasına başlanılmışdır: “Son iki ildə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilmişdir. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş 15 nəfərin eyniləşdirilməsi mümkün olmuş və bu barədə ictimaiyyətə məlumat verilmişdir. Bu gün daha 10 nəfərlə bağlı əlavə məlumat təqdim ediləcək”.