Bakının Ziya Bünyadov prospektində yeni yerüstü piyada keçidi tikilir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yeni yerüstü piyada keçidi inşa edir.
AFN.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, prospektin sözügedən hissəsində hərəkət intensivliyi nəzərə alınaraq tikinti işləri hazırda gecə saatlarında aparılır.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə oval tipli piyada pandusları quraşdırılacaq. Yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3,5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,8 metr təşkil edən keçid üstüqapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.