Bu malların ölkəyə gətirilməsi qadağan olunur - Qiymətlər bahalaşacaq?
Son günlər sosial mediada pirat və kontrafakt olan malların ölkə ərazisinə girişinin qadağan olunduğu ilə bağlı məlumatlar yayılıb.
AFN.az xəbər verir ki, trend məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlayıb.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçıların hüquqlarının və əhalinin sağlamlığının müdafiəsi, əqli mülkiyyət hüquqlarının qorunması, habelə pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan tədbirlər həyata keçirilir:
"Gömrük Məcəlləsinin 287.1-ci maddəsinə əsasən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların pirat və ya kontrafakt olması əlamətləri aşkar edildikdə gömrük orqanları həmin malların buraxılışını dayandırmaq hüququna malikdirlər".
Komitədən qeyd edilib ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır.Bəs pirat malların ölkə ərazisinə gətirilməsinə qadağa qoyulması qiymətlərin bahalaşmasına səbəb ola bilər?
Bu barədə sualları cavablayarkən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, ümumiyyətlə, əqli mülkiyyət hüququnun pozulması, bir brendə məxsus məhsulların nüsxəsinin yaradılaraq alıcılara təqdim olunması yalnızca həmin müəlliflərin hüququnu pozmur, eyni zamanda, istehlakçıların hüququnu pozur, onları birbaşa aldadır.
"Təbii ki, bu, yolverilməzdir. Amma təəssüf ki, bütün dünyada bu başlıca problemlərdəndir. Dünyanın aparıcı alimləri arasında belə digər alimin əqli mülkiyyətinə aid məhsullar mənimsənilərək, öz adlarından təqdim edilir. Piratçılıq bəşəri problemdir və bunun qarşısını kimsə ala bilməz.Sadəcə olaraq, mübarizə bu prosesi müəyyən qədər səngidir. Amma bu, qiymət bahalaşmasına gətirib çıxaracaqmı?
Bu suala tam olaraq "hə" və ya "yox" cavabı verilə bilməz. Ona görə ki, elə məhsullar olacaq ki, onun pirat versiyaları tamamilə dayandırlacaq və bu zaman orijinal versiyaların qiyməti qalxacaq. Elə məhsullar da olacaq ki, onun oxşarının tamamilə qarşısının alınması mümkün olmayacaq və bu halda ciddi qiymət artımı müşahidə edilməyəcək", - deyə ekspert bildirib.